AZE | RUS | ENG |

Ölüm sevinməsin qoy... - Fotolar

Ölüm sevinməsin qoy... - Fotolar
Sənan Piriyevin əziz xatirəsinə

Yaşasaydı yəqin ki, avqustun 3-də anadan olmasının 50 illiyini qeyd etməklə, paytaxtımızın ən iri sərgi salonlarından birində onun yaradıcılıq hesabatına baxacaqdıq. Əminik ki, 13 yaşında özündən böyük və çox məşhur fırça ustalarını heyrətlənməyə məcbur edən Sənan Piriyevin (1969-1982) bu yubileyində müxtəlif təqdirlərə də layiq görüləcəkdi... 
 


Bütün bunlar onun anası ağlar qalmış "ölüm mələyi”nin "sevgi”sinə tuş gəlməyəcəyi təqdirdə baş verə bilərdi. Amma bu "çağrılmamış qonaq” növbəti dəfə peyda oldu və qəfil "gedişi” ilə sənəti ilə çoxlarının sevgisini qazanan yeniyetmənin arzularını yarımçıq qoydu. Onunla sənətsevərlərin arasına saldığı əbədi "hicran körpüsü”nü qaysağı da zaman-zaman təzələnən dərd-sərə çevirdi. Bu ata-ana, dayı-əmi, dost-sirdaş, qonum-qonşu dərdi bir gün belə azalmadığından Sənan evdən yox, eldən gedənlərdən oldu və elə bu cür də xatirələrdə əbədiləşdi. Bu gün 50 yaşında onu yenidən xatırlamağımız da özünün və sənətinin unudulmamasının əyani təsdiqidir...
 


Etiraf edək ki, Azərbaycan məkanında vaxtsız dünyasını dəyişən istedadlar az olmayıb. Amma qəribə də olsa onları Sənan kimi ölümündən 37 il sonra yada salıb, onlara yubiley məqaləsi həsr etməmişik. Bu mənada vəfatının onuncu ildönümündə ailəsinin təşəbbüsü ilə "Şur” nəşriyyatında işıq üzü görən kiçik bir kitabça da onun xatirəsinə göstərilən ehtiramın sonuncu ifadəsi olmuşdu. Bu sətirlərin sahibinin müəllifliyi ilə çap olunan həmin kitabçaya ön sözü dünyaşöhrətli fırça ustası, SSRİ Xalq rəssamı Mikayıl Abdullayev yazmışdı: "Cəmi 13 il ömür sürən, təsadüfən Xəzərin güdazına gələn balaca azərbaycanlımız – fitri istedad sahibi Sənanın (1969-1982) – heyrətamiz bədii taleyi hər kəsi, xüsusən də sənətsevərləri ürək ağrısı, təəssüflə düşündürür. Onun əl işlərilə tanış olanların heç ağlına belə gəlmir ki, bu nadir yeniyetmə cüzi həyatının tək bir on üçüncü ilində yox, hələ bir qədər əvvəl – doqquz, on, on bir, on iki yaşlarında belə rəsmlərini erkən professionallıqla işləyib yaratmışdır... Eh! Təsadüf... təsadüf. İndi bu sətirləri yaza-yaza həm boğazım qəhərlənir, həm də nurdan qalan gözlərim yaşarır. Axı, bu bizim milli mədəniyyətimizə itkidir. Cismcə yüngül, mənəviyyatca isə ağır bir yeniyetmənin itkisidir...”
 
 

Bu, sağlığında Sənanla şəxsən tanış olmayan, onu yalnız əsərlərindən tanıyan və dəyərləndirən böyük ustadın yanğı dolu fikirlədir. Onu bələkdən tanıyan və bu gün müasir Azərbaycan poeziyasının tanınmış simalarından sayılan Zahid Sarıtorpağın 1982-ci ildə qələmə aldığı şeirdəki dayı yanğısı isə bambaşqa idi: 

buludlar yığışır gorgahın üstə
bu dərdin göz yaşı mövsümü bitməz
məni bir ağının içinə hörür
hörür diri-diri doğmaca bir səs
 
deyə də bilmirəm səs yiyəsin
dur gedək, can bacı, dur gedək, bəsdi...
bir ağı hörüb ki dörd divarı var
dördü də qapısız pəncərəsizdi...
 
uzatsam əllərim havada qalar
hönkürtü tökülər gəl deyən səsə...
...dərddən yıxılmaqla qurtulmaq olar
dərddən yol enmir ki düşüb gedəsən...
 

 
Həm Mikayıl Abdullayevin, həm də Zahid Sarıtorpağın təəssüf dolu bu münasibətlərində ifadə olunan yanğının kökündə heç şübhəsiz Sənanın ürəyinin istisi, gözlərinin işığı, əllərinin sehri ilə ərsəyə gələn rəsmlərin bir daha yaradılmayacağı yanğısı dururdu. Beş yaşından rəsm çəkməyə başlayan və geoloq-heykəltəraş atası Nizamla Azərbaycanı başdan-başa dolaşan Sənanın çox tezliklə dünyaya özünəməxsus baxışı formalaşmışdı. Hələ kiçik yaşlarından beynində "Hər dünyaya gələn nəsə yaratmalı və özündən sonra yadigar qoyub getməlidir!” fikri dolaşan balaca rəssam, qənaətimizcə, elə sonrakı yoxluğu ilə hamını yandıra biləcək xatirə qoymalıydı! Bizcə, onun qoyub getdiyi xatirə həm də rəngarəng rəsm əsərləri ilə müşayiət olunduğundan qat-qat həm heyrətdoğurucu, həm də təəssüfdoğurucudur. Odur ki, bu gün onun adı bənzərsiz sənət dünyaları ilə Azərbaycan məkanında əbədiyyət qazanan Bəhruz bəy Kəngərli, Ərtoğrul Cavid, Müslüm Eldarov, Zakir Hüseynov, Soltan Qara, Cavid Bayramlı kimi vaxtsız dünyasını dəyişən istedadlı yaradıcıların sırasında çəkilməlidir, desək, həqiqəti söyləmiş olarıq. Azərbaycan rəssamlığında müxtəlif cərəyan və üslub, janr və mövzunun ən yaxşı ifadəsinin ayrı-ayrı yaradıcıların adı ilə bağlılığı qarşılığı da demək olar ki, milli təsviri sənətimizdə uşaq yaradıcılığının çoxlarına əlçatmaz görünən ən yüksək zirvəsi zamanında Sənan Piriyev tərəfindən fəth olunmuşdu. İndiyə qədər ona şərik çıxa biləcək uşaqların meydana çıxmaması da onun vaxtilə yaşından çox-çox böyük bədii möcüzələr yaratdığından xəbər verir. Onun müxtəlif mövzu və janrlarda, ayrı-ayrı texnikalarda ərsəyə gətirdiyi rəsmlərində ifadə olunan dünyaya baxışda uşaq səmimiliyi və təmizliyi dünyagörmüşlərin müdrikliyi ilə qovuşmuş tutumdadır. Sənanın bu rəsmlərindəki "çoxbilmişliyi” həmişə özündən böyükləri cəlb edər və çox təəccübləndirərdi. Sənətsevərlərin həmin rəsmlərdə gördükləri qarşılığında dilə gətirdikləri "Allah saxlasın!” deyimində onun gələcək taleyinə yönəli bir narahatçılıq da vardı. Görəsən onun Pirşağı çimərliyində qəfil və faciəli ölümü bu gözə gəlməyin nəticəsiydimi? Kim bilir? Bəlkə də...
 


Ata-balanın çoxdan ürəklərində gəzdirdikləri bir arzu vardı: birlikdə sərgi açmaq! Atası təbiətlə yaradıcı ünsiyyətinin nəticəsi olan ağac heykəllərini, oğul isə onun dünyaya sevgisini ifadə edən rəsmlərini bu sərgidə ictimaiyyətə təqdim etmək istəyirdi. Çoxdan gözlənilən bu sərgi açıldı, amma Sənansız! Onun itkisindən bir il sonra baş tutan bu sərgidə onun 600-ə qədər müxtəlif mövzulu işləri göstərildi. Balaca rəssamın "Misgər”, "Təndir”, "Faytonçu”, Şirvanşahlar sarayı”, "Bakı axşamı”, "Qış”,"Şam ağacı”, "Avtoportret” və s. rəsmlərində ifadə olunan "Sənan cizgiləri” doğrudan da bənzərsiz idi! Onun acı taleyindən xəbərsiz olanlar həmin gün sərgi salonunda gördüklərini müəllifə təşəkkürləri ilə çatdırmaq istəyirdilər... O, isə yoxdu. Bu təbrikləri sərgi salonunda onun həmin anda özünü dünyanın ən xoşbəxt və... ən bədbəxt anası hesab edən Firuzə xanım qəbul edirdi. Varlığını bir an belə tərk etməyən oğul kədərini üzündən ürəyinə daşıyan ana həmin saatlarda təzadlı yaşantılar məcmusuna bələnsə də, yəqin ki, sevinirdi. Belə ki, bu gün Sənanın, onun sənətinin qayıdış günü idi...
 
 

Dənizi çəkməyi çox sevərdi. Onun səmtini, ab-havasını da əhval-ruhiyyəsini də istədiyi istiqamətə yönəldərdi. Başqa sözlə desək, dəniz ən müxtəlif ovqat daşıyıcısı idi... Bir də görürsən ki, dənizi elə susdurub, elə ram edib ki, adamın "yazığı” gəlir. Özü də elə bil Simurq quşunun qanadlarından göz qoyub bu gözəlliyə... dənizlə birlikdə şəhər də adamın ovcunun içində kimi görünür. Və belə-belə sonsuz vurğunluqla yaradılmış neçə-neçə mənzərə... Heç ağlına gələrdimi vurğunu olduğu bu ilham pərisi onun qönçə ömrünə qıyacaq, onu əbədi susduracaq və doğmalarını gözü yaşlı qoyacaq... mavi Xəzər bəraət tapa bilməyəcək günaha batacaq... 
 
 

Qəribədir ki, Sənan elə həmin gün çöp götürüb silib-süpürdüyü yaş qum üzərində sahilsiz bir dəniz yaratdı. İlk dəfə idi ki, dənizin ağuşunda böyük bir yelkənli qayıq da çəkdi. Xəyali yelkənli qayıq doğruçu oldu... Onu alıb apardı. Özü də bir anın içərisində. Bu onun "sonuncu əsəri” oldu...Dəhşətlisi bütün bu faciənin... atanın gözü qarşısında baş verməsi idi. 

P.S.Qeyri-adi istedad sahibi olan Sənan Piriyevin bu gün atası da həyatda yoxdur. Qardaş-bacı təsəllisi ilə yarası sağalmayan anası Firuzə xanımın da bəyazlaşmış saçlarında yaşdan çox, tuş gəldiyi itkilərin izi duyulmaqdadır. Bu gün Sənanın böyük qardaşı Şahinin qızı Aytənin Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının məzunu olması da bir təsəllidir. Ən azı Piriyevlər ocağında öləzimiz sənət işığını yenidən yandırdığına görə...
 
Ziyadxan Əliyev 


Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8859
GEL 1 1 Gürcüstan larisi 0.5804
GBP 1 1 İngiltərə funt sterlinqi 2.066
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1755
CHF 1 1 İsveçrə frankı 1.736
KWD 1 1 Küveyt dinarı 5.5894
TRY 1 1 Türkiyə lirəsi 0.2965